Müəllimlik çox şərəfli və çətin peşədir.Məhz bu çətinlik son dövrlərdə gənclər arasında müəllimliyə marağın azalmasına səbəb olur.Deyirlər ki, müəllimlik peşəsi nüfuzdan düşüb və bunu da maddiyyatla bağlayırlar.Mən belə deməzdim,bununla razı deyiləm- deyən Bakı şəhəri Nərimanov rayonu 47 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aybəniz Rüstəmova öz fikirlərini bizimlə bölüşüb. 
   İnkişaf etmiş cəmiyyətin uşaqlarına dərs demək heç də asan deyil.İndiki şagirdlərin dünyagörüşü,zehni qabiliyyəti düşüncə  tərzi,əhatə dairəsi olduqca genişdir,onlar çox məlumatlıdırlar.Ona görə  belə uşaqlara dərs demək məsuliyyət tələb edir.Hər günü yeniliklərlə dolu olan bir dövrdə müəllim özü üzərində  işləməli,yeniliklərdən xəbərdar olmalı,şagirdlər tərəfindən ona verilə  biləcək suallara hazır olmalıdır.Bu isə çox iş,çox əmək tələb edir.Müəllimlik peşəsini seçməyənlər məhz bu çətinliklərdən qaçırlar.
  Yaxşı müəllim təkcə elm öyrətməməli,vətəninə,dövlətinə  layiq vətəndaş  hazırlamalıdır.Şagirdlərlə səmimi münasibət qurmaq lazımdır.O başa düşməlidir ki,ona təhsil almaq nə üçün gərəkdir.Müəllim həm özünü, .həm tədris etdiyi fənni şagirdə sevdirə bilsə,onda istədiyinə nail olacaq.Mən hər bir uşağa fərdi yanaşmağa üstünlük verirəm.Məsələn,gününü boş-boşuna keçirən bir şagirdə “hansı sənəti sevirsən”- deyə müraciət etdim.Bir qədər duruxub “həkimlik “- deyə cavab verdi.Mən dəfələrlə ona bu sənətin gözəlliyindən, vacibliyindən,insanlığa xidmətindən danışdım.Bəzi tanınmış həkimlərimizin həyatından söhbət açdım.Bir neçə görüşdən,söhbətdən sonra onun gözlərində  bir  işıq gördüm.Bu-inam,ozünə güvənmək idi.Ona bir motivasiya –həvəs verdim.İndi o,hamıdan çox oxuyur,hamıdan çox çalışır.Halbuki mən ona “dərslərini oxu” deməmişdim.
    Bu cür yanaşma olduqda şagird başa düşür ki,müəllim nə öz nailiyyətini,nə məktəbin nüfuzunu düşünmür,ancaq onun gələcəyini fikirləşir.
  Şagirdlərimin hər halı mənim üçün dəyərlidir.Mən onlara “sizə hər şeyi öyrədə bilərəm” demirəm.Sadəcə olaraq açar verirəm ki,ömür boyu öyrənmək həvəsində olsunlar.Uşaqlar insan sərrafıdırlar,onlar səmimi və riyakar yanaşmanı bir-birindən ustalıqla ayıra bilirlər.
  Həzrət Əli deyib ki,uşaqları öz fikirlərinizə görə deyil,zəmanəyə görə tərbiyələndirin.Mən də zamanın nəbzini tutaraq.sosial şəbəkələrdə də şagirdlərimə nə isə öyrətməyə çalışıramı:statuslarımda dəyərli kəlamları,düşündürücü faktları,gözəl şeirləri paylaşıram,onlara dolayısı yolla təsir etməyə çalışıram.Hətta votsap qrupu açmışam ki, fikirlərimizi bölüşək.Və nəzarət edirəmççünki nəzarətsiz nəticə olmur. Bu reallıqdır ki,indiki uşaqlar sinif divarlarından daha çox telefonlara baxmağa üstünlük verirlər.
   Mən məktəbin ən nadinc uşaqları ilə tədbir keçirib daxillərindəki potensialı özlərinə çatdırıram.Nadinc uşağa pis demək olmaz,ona yaxşı tərəfdən yanaşıb yaxşıların yaxşısı etmək olar. Rəhbəri olduğum sinifdə günlərlə dərsə gəlməyən,kitab üzü açmayan,uşaqlarla ünsiyyətdən çəkinən bir şagird məni narahat edirdi.Bu il onu sinif nümayəndəsi  təyin etdim.Uşaqların içində etiraf etdi ki,mən nümunəvi şagird deyiləm ki, məni seçirsiniz.Onun bu səmimi etirafı məni sarsıtdı.Dedim ki,ən nümunəvi şagird sənsən ki,bunu etiraf etməyi bacardın.İndi hər işi onunla məsləhətləşirəm,sinif yoldaşlarının sevimlisinə çevrilib,hətta dərslərini yaxşı oxumağa başlayıb.Keçirilən monitorinqdə yaxşı nəticə göstərənlərin  biridir...Bax budur mənim uğurum..Budur müəllimin qazancı...

 Muellimlerotagi.az

Rəylər
  • Aslanbeyli Zülfiyyə:
    2018-01-19

    Təcrübəli müəllimlərimizdən öyrənəsi çox şey var,xüsusən də çətin tərbiyə olunan uşaqlarla iş zamanı..Təşəkkürlər, Aybəniz müəllimə!

    Rüstəmova Aybəniz:
    2018-01-20

    Bəzən çətin uşaqlarla işi psixoloqların sahesi hesab edirler.Amma,Zulfuyye xanım,hər bir müellim həm də psixoloq olmalıdır...Çox sağ olun fikirleriniz üçün

    Əşrəfli Nilufer:
    2018-01-21

    Məktəb insan həyatında inkişafa yönəldən təkamül mənbəyidir. Müəllim isə həmin mənbənin qüvvəsidir. Bu yazıları oxuduqdan sonra belə bir qənaətə gəlmək olar: "Şagirdlərə fərd və şəxsiyyət kimi yanaşaraq onlara dəyərli olduqlarını hiss etdirə bilərik" Təşəkkürlər Aybəniz müəllimə. İnanıram, sizin kimi düşünənlərin sayı artacaq.

    Quliyeva Həmidə:
    2018-01-21

    "Bir şagird üçün ən böyük xoşbəxtlik,uşaqkən yaxşı müəllimə rast gəlməkdir." Fərqli yanaşmanız, sənətinizə hədsiz sevginiz və ən əsası, şagirdlərinizə verdiyiniz dəyər peşəkarlığınız ilə birləşərək möcüzələrə səbəb olur və olacaq! Zehniniz daim açıq olsun, Aybəniz müəllimə!

    Quliyeva Əsmər:
    2018-01-21

    Qürur duydum. Sevinirəm ki, sizin davamçınızam. Məsələ müəllim olmaqda deyil,müəllim olaraq daim yeniliyə açıq olmaqda, öz üzərində işləməyə, standartlardan kənara qaçaraq, yeni və özünəməxsus yanaşma tərzləri kəşf edə bilməkdədir. Dürüst və səlist anlatımızınla biz gənc müəllimlərə də çox şey öyrətdiniz.

    Rüstəmova Aybəniz:
    2018-01-22

    Nilufer xanım sizin "məktəb insan həyatında inkişafa yönəldən təkamül mənbəyidir" fikriniz çox duzgundur..Həmidə xanım,özunə dəyər qazanmaq istəyən müəllim şagirdinə dəyər verməyi bacarmalıdır..Əsmər xanım, özunuzun dediyiniz kimi əsas muəllim olmaq deyil,muəllim olaraq daim yeniliyə can atmaq,öz üzərində işləməkdir..

Rəy Bildir