Mütailənin faydaları haqqında hamımız eşitmişik. Elə bu yerdə təkrar biliyin anasıdır deyiminə sadiq qalsaq “mütailə dünyagörüşü genişləndirir, nitq qabiliyyətini inkişaf etdirir, mənəviyyatı formalaşdır” deyə bilərik. Elə bir sıra mənbə də bunu təsdiqləyir...

Bəs oxumaq sevgisi və vərdişləri necə əldə edilə bilər?

Bunun üçün aşağıdakı qaydalara əməl edə bilərik.

Nümunə ol!

Oxuma istəyi olmayan birinə təzyiq göstərməyin, ona nümunə olmağa çalışın. Məsələn, uşağınızın “Heç kəs oxumur. Mən nə üçün oxuyum?” kimi düşünməsinə imkan verməyin. Oxuyaraq övladınıza siz nümunə olun. Siz televizora baxarkən və ya əylənərkən uşağınıza “Kitab oxu ” deməyinizin heç bir faydası olmayacaq.Bu davranış onu oxumaqdan uzaqlaşdıracaq.

Kitab saatı müəyyənləşdir!

Oxumağı vərdişə çevirərək, özünüz də özünüzə nümunə olmalısınız. Mütailəyə hər gün vaxt tapmaq olar. Vaxtı itirmədən hər axşam evinizdə kitab oxuma saatı müəyyənləşdirin.

Qəhramanın səsi ilə oxu!

Oxuyarkən rolların xarakterinə uyğun səs tonundan istifadə edin. Çünki bu səslər uşağa, eləcə də bizə çox təsir edir.

Hekayəni kəs!

Təkrar oxuduğunuz nağılı, hekayəni kəsərək davamını övladınızdan istəyin. Bu onun marağını daha da artıracaq.

Sual ver!

Oxunan kitabla bağlı suallar vermək mütaliəyə daha da maraq yaradır. 

Məcbur etmə!

Uşağınıza oyuncaq hədiyyə aldığınız kimi kitab da hədiyyə almalısınız. Amma bu  seçimi övladınızla birlikdə edin. Onu eləcə də özünüzü hansısa kitabı oxumağa məcbur etməyin.  Övladınızın oxumasını istədiyiniz bir kitab varsa, ona kitabdan maraqlı bir hissəni danışaraq onu razı salmağa çalışın. Unutmayın: seçdiyiniz kitab uşağın yaş və səviyyəsinə uyğun olmalı, onda müsbət fikirlər formalaşdırmalıdır.

Kəşf et!

Uşağınızın hansı mövzuya marağı olduğunu kəşf edin. Marağına uyğun materiallarla onu təmin edin.

Büdcə ayır!

Ailə büdcəsindən kitaba müəyyən hissə ayırın və bunu uşağınıza hiss etdirin. Beləliklə, uşağınızda kitabın və oxumağın həyatımızda mühüm yer tutduğu fikri formalaşacaq.

Hədiyyə üstündə hədiyyə ver!

Övladınızın dostları ilə kitab alış-verişinə getməsini, dostlarına kitab hədiyyə verməsini təmin edin. Yəni sizin övladınıza etdiyiniz hədiyyənin üzərində övladınızın da dostlarına hədiyyə verməsini təşkil etməlisiniz.

Təriflə, mükafatlandır!

Uşağınız oxumağı öyrənəndə ondan ucadan oxumağı istəyin və onu diqqətlə dinləyin, tərifləyin və mükafatlandırın.

Gülmə!

Uşağınızın səhv oxuduğu söz və cümlələrə gülməyin.Bunun nəticəsi olaraq o oxumaqdan uzaqlaşa bilər.

Öz kitabxananı yarat!

Evinizdə kiçik də olsa mütləq kitabxana təşkil edin. Kitabxananı uşağınızla birlikdə yaradın.

Abunə ol!

Uşağınızın uşaq jurnallarına abunə olmasını təmin edin.

Şəkilli nağıllara üstünlük ver!

Uşağınız danışmağa başladıqdan sonra ona rəngli, şəkilli nağıllar oxumağa çalışın və səhlənkarlıq etməyin.Belə etsəniz onda oxumağa, kitaba sevgi oyatmış olacaqsınız.

Unutma!

Yoldaşın pisi olduğu kimi kitabın da pisi ola bilər. Uşağınızı özünə və insanlığa heç bir faydası olmayan kitablardan uzaqlaşdırın. Bunun üçün isə siz yaxşı oxucu olmalısınız.

Əlaqə saxla!

Oxuma vərdişi ilə bağlı müəllimi ilə əlaqə saxlayın.

Müzakirə et!

Oxunmuş kitabın müzakirəsini təşkil edərək fikirləri dinləyin.

Əziz müəllimlər, bəs siz necə düşünürsünüz? Siz mütailəyə marağı necə yaradırsınız?

Tərlalə Bələgözova. İbtidai sinif müəllimi

Rəylər
Rəy Bildir