“Keçmişdə tanıdığımız savadlı və peşəkar müəllimləri təqdirlə yad edirik,

hisslərimizə toxuna bilənləri isə minnətdarlıqla...”

 

Karl Yung

 

        Müəllimlik sənəti dünyanın hər yerində, hər cəmiyyətdə, ən qədimlərdən dövrümüzə kimi ən şərəfli sənət olmuşdur. Bunun da ən böyük səbəbi həyatı dəyişmə bacarığı qazandırmasıdır deyə düşünürəm. Mən bir ilə yaxındır ki, bu şərəfli sənətə qismən də olsa layiq görülmüşəm. Mənim üçün öyrədici, stimulverici bir yönü də budur ki, ilk təcrübələrimi ilk peşə ixtisas liseylərində qazanmağa başladım. Psixoloq kimi fəaliyyət göstərsəm də, burada “Etika, Estetika və Psixologiya” fənnindən dərs deyirəm. Mənim üçün həm maraqlı, həm məsuliyyətli, həm də hər gün yeni bir şey qazandığım bir ili artıq geridə qoymuşam. Bu bir ildə mən tələbələrə nələr qazandırdığımı bilməsəm də, onların və ümumiyyətlə, pedoqoji fəaliyyətin mənə qazandırdıqları saya- hesaba gəlmir.

       Təhsil aldığım müddətdə qarşılaşdığım sevimli müəllimlərim məndə bu peşəyə qarşı məhəbbət yaratsa da, nə zamansa tələbələrin qarşısında onlara nəsə öyrədəcəyim ağlıma gəlməzdi. Dərsə başladığım ilk gün, tələbələri gördüyüm ilk dəqiqələr çox güman ki, yaddaşıma həmişəlik həkk olunub. Təcrübəsizlik, onların qarşısında həyəcanını gizləmə cəhdləri kimi xatirələr indi məndə təbəssümə səbəb olur. Çox güman ki, bunlar hər yeni müəllim üçün tanış hisslərdir.

       Şübhəsiz, mənim üstad müəllimlərdən, qarşılaşacağım hər tələbədən öyrənəcəyim çox şey var. Amma azacıq da olsa təəssürat və təcrübəmi bölüşməm yeni müəllimlərə də maraqlı olar deyə düşünürəm.

       İlk peşə ixtisas məktəbləri digər məktəblərdən bir çox xüsusiyyətlərinə görə fərqlənir. Burada təhsil alan tələbələrin çoxu  ya iş həyatına başlamağa hazır olurlar, ya da artıq iş həyatının içində olurlar. Onların arasında universitet haqqında düşünən çox az tələbəyə rast gəlmək olar. Təhsil aldıqları orta ümumtəhsil müəssisələri onların bir çoxunu ya heç xatırlamır, ya da məktəbin ən nadinc şagirdi olaraq xatırlayır. Onlar oxumağı çox sevmirlər, dərslərdən sıxılırlar. Nəzəriyyədən daha çox praktik fəaliyyətə üstünlük verirlər. Mən deyərdim ki, əksəriyyəti həyatın vaxtsız yetkinlik dövrünə çatdırdığı gənclərdir. Hər bir əziyyəti görmüş, əlləri qabar-qabar olmuş tələbəni də burda görə bilərsiz, əlini ağdan-qaraya vurmayanı da. İşə başladığım ilk gün mərkəzimizin direktoru mənə belə bir sual vermişdi: “Ailənizdə müəllim varmı?, “Uşaqları sevirsənmi?”. Belə davam etmişdi ki, “Əgər uşaqları sevmirsənsə, müəllim olmaq çətindir, peşə məktəblərində isə bu mümkünsüzdür. İşə sevgiylə yanaşmasan, tələbələrə fərdi yanaşmasan ,onların sevgisini qazana bilməyəcəksən.” Uşaqları çox sevirdim, lakin bu cümlələr məni biraz qorxutmuşdu. Sonralar anladım müəllimin nə söyləmək istədiyini. Burada tələbələr ya sizi sevirlər, ya da sevmirlər. Sevirmiş kimi davranmaq onlara yaddır.

        Yəqin hamımıza məlumdur ki, yeniyetməlik dövrü böhranlı dövr sayılır. Fərdin öz subyektiv fikrinin formalaşdığı, mühakimə qabiliyyətinin yarandığı, sosial qruplara daxil olma istəyi hiss etdiyi, ailədən daha çox dost və yaşıdlarına meyl göstərdiyi, qarşı cinsdən sevgi və maraq görmək istədiyi mərhələdir. Çox zaman bu dövrdə fərd ailədaxili çatışmalar, ziddiyyətlər yaşayır. Elə təhsil müəssisələrinin  özündə də bu mərhələdə bəzi şagirdlər böhransız ötüşsə də, bəziləri aqressiv, davakar təəssüratı bağışlayır. Peşə liseylərində demək olar ki, yeniyetmələr təhsil alırlar. Şəxsiyyət kimi formalaşdıqları, özlərini sübut etməyə çalışdıqları bir dövrdə onlara bələdçilik etmək də  çox məsuliyyətli, çətin və öyrədicidir.  Düşünəndə ki, bir şəxsin ilk qərarlı addımlarına şahid olursan, o zaman gördüyün iş sənin üçün çox əhəmiyyətli görünür.

         İşə başladığımda ağlımda tək bir düşüncə vardı. “Bir nəfər də olsa, hansısa tələbənin düşüncəsini ona faydalı olacaq şəkildə dəyişmək.” Kiçik bir qığılcım, bir işıq, bir təkan verə bilsəm özümü işə yaramış saya bilərdim. Auditoriyalara daxil olduqca, tələbələri tanıdıqca potensialı olduqca yüksək, istedadlı, dünyagörüşlü, iradəli şəxsiyyətlərlə rastlaşmağa başladım. Hər gün işə həvəslə gəlirdim, dərsim olduğu günlər isə əlim-ayağıma dolaşırdı. Mənə etibar edilən “45” dəqiqənin haqqını layiqincə verməyə çalışırdım. Onların gözlərində nəsə öyrəndiklərinə dair bir işarə gördükdə isə sevincim hədsiz olurdu. Onlarla birgə mən özüm də hər gün nəsə öyrənirdim. Düşünürəm, mən onlar kimi düşünməyi bacarmasam, onlara heç bir faydam olmayacaq. Mükəmməl olmağa çalışmıram, bunu bacarmaram da, amma ümid edirəm ki, etdiyim hərhansı səhv mənə nəsə öyrətsin. Müəllimliyi sevirəm, belə hesab edirəm ki, dünyadakı ən lazımlı və əvəzolunmaz sənət də elə məhz budur. Tələbələrimi sevirəm, hər birində bir xəzinə gizlənib düşüncəsilə onlara yanaşıram. Tələbəlik dövrünün statusunun onlar üçün necə vacib olduğunu, onlar yalnız bu illərdə gördükləri diqqət və qayğıyla dərk edə bilərlər. Hərbir tələbə önəmli bir şəxsiyyətdir, gələcəkdir. Öyrənən öyrədəcək, öyrədən özünü lazımlı hiss edəcək. Bizim özünü dəyərli hiss edən və digərlərinin qədir-qiymətini bilən insanlara ehtiyacımız var.

       Son olaraq, bu yaxınlarda IV Beynəlxalq Təhsil Forumunda çıxış edən dünyanın ən zəkalı adamı ləqəbli Michio Kaku gələcəyə dair bir sıra elmi proqnozların verdiyi çıxışından kiçik bir hissəsini təqdim etmək istəyirəm. Hər şeyin dəyişəcəyini, robotlaşacağını, demək olar ki, bütün peşələrin yoxa çıxaraq, hər işi robotların edəcəyini söyləyən Michio, dəyişməyən peşələrin müəllimlik, bağbanlıq kimi sənətlər olacağını deyirdi:

 “Çünki uşaqlar sosial varlıqlardır. Hərşeyi internetdən öyrətməyə çalışsanız, təkbaşına qalan uşaq öyrənə bilməz. Şagirdə lider olmağı yenə müəllimlər öyrədəcək, çünki robotların yaradıcılıq qabiliyyətləri yoxdur, olmayacaq da.”

 

       Hər bir müəllimə dünyanı cənnətə çevirəcək gücə sahib şagirdlər ordusu arzu edirəm!

 

 

 

 

 

Quliyeva Həmidə

 

Texnika və Texnologiyalar üzrə

Bakı Dövlət Peşə Təhsil Mərkəzi

14 saylı Bakı Peşə Liseyi

Psixoloq

 

 

 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  

Rəylər
Rəy Bildir