Hardan başlayacağımı bilmirəm. Çünki yaddaşım çox yaxşıdır. 

  

 3 yaşımdan bu yana bütün həyatımı ən incəliyinə qədər xatırlayıram. Hər əzabı və hər sevinci indi də içimdə çəkirəm. 

 O deyirlər ey, insanın qocalığı yaşına görə yox, yaşadıqlarına görə müəyyən olur, baxın tam elə bir şey... 

 25 il elə də böyük bir yaş deyil,amma necə deyərlər bir igidin ömrüdür ( igid də elə mənim özüm). İnsanın yaşaması özünü dərk edəndən başlayır. Biz də bir az tez dərk edənlərdən olmuşuq. Rəhmətlik Cəlil deməli, nə çətin imiş, qanmaq hissi... Tez qanmaq da bir şey deyil, qardaş, vallah bir şey deyil. 

 Biz qanmağımızı 6-cı sinifdə bizə dərs deyən Vüsal müəllimizə borcluyuq. Burda da müəllim amili öz sözünü deyir. Ümümiyyətlə, bir cəmiyyətin formalaşması birbaşa müəllimlərin əlindədir.  

 O vaxt -6-cı sinifdə oxuyanda, o möhtəşəm adam, bizə dünyəvi düşüncəni öyrədirdi. Hansı ki, o dönəm bizim yaşıdlarımız öz dərslərini oxuyub çatdıra bilməyəndə biz dünya ədəbiyyatından bir çox müəllifləri oxuyurduq. Danteni,Höteni,Şekspiri və.s 

 Siz deyəcəksiz nə var ki, burda? Amma biz elə bir mühitin, elə bir cəmiyyətin uşaqları olmuşuq ki, ağlınıza belə gətirə bilməzsiniz.  

 "Aşka Sürgün"ün dəb olan vaxtında özünü Mahsun Kırmızıgülə bənzədənlərlə eyni mühiti bölüşürdük. Amma biz 6-cı sinifdə Dostoyevski və Şekspirin əsərlərindən çıxarış edib sevgi hissinin nə olduğunu dərk edirdik. Sevgi  bizim üçün Romeo və Julyettanın sevgisi idi, Mahsunun yox. 

 Nə isə, məsələ bu deyil, bu yola istiqamət almağımızda birbaşa o, Vüsal müəllimimizə borcluyuq. Biz ilk dəfə “müəllim necə olur?” və “şagirdlər niyə müəllimi çox sevir?” suallarına cavabları o adamdan öyrənmişik. O, 6-cı sinifdə oxuyanda bizə dərs dedi. Biz uşaqkən dünya ədəbiyyatı ilə tanış olduq. Bizə Nəsimini,Nizamini elə aşılayırdı ki, İlahi! İnsan heyran olmaya bilməzdi. Onun aşıladığı Nəsimi ruhu bizdə mübarizə aparmaq hissini alovlandırırdı. O qədər möhtəşəm çıxışı vardı ki, saatlarla oturub dinləmək istəyirdik. Bəzi insanlar olur ki, onlarla eyni dövrdə yaşamaq  insanı xoşbəxt edir. Vüsal müəllim də o insanlardandır. Biz ilk dəfə onda bildik ki, müəllimlər də yemək yeyirmiş. Bizə dostluq anlayışını aşıladı. Vüsal müəllim haqqında bir roman yazılması belə mümkündür. 

 Düzdür, sonra aramızda mənim səhvim ucbatından uçurum yarandı, amma biz ustada kəm baxanlardan deyilik. Yenə də dəyərlimizdir. Vüsal müəllimin əlimizdən tutub çıxardığı yola özümüz davam etməyə qərar verdik. Bir də Anam var ki,o qadın mənim insanlığımı formalaşdırıb. Mən ilk dəfə ondan gördüm ki, özündən çox qarşındakı insanın mənafeyini düşünmək nədir. Böyüyəndə öyrəndim ki, bu altruizm imiş, amma ,məncə, bu “altruizm” deyil, bu “Analıq”dır. Həmişə vicdanlı olmağı və haram pul yeməməyi öyrədib bizə. Qarşımdakına hörmətlə yanaşmağı öyrədib mənə.  

 Bu yaşıma kimi necə insan olduğumu deyə bilmərəm, amma tək bir şeyi deyə bilərəm, hər axşam vicdanımla hesablaşan biriyəm. Bir dəfə müəllim yoldaşım sual vermişdi ki,siz yaxşı insansız, ya yaxşı müəllim? Niyə uşaqlar bu qədər sevir sizi? Cavab vermişdim ki, mən nə yaxşı müəllim, nə yaxşı insan deyiləm. Mən sadəcə hər axşam vicdanıma hesabat verirəm. 

 Artıq 25 yaşımı geridə qoyuram. Xoş gedirsən 25 ilim. Gələcək 26-cı ilimə səslənirəm:   

 Vicdanın olsun. Bu qədərki ömrümün harmoniyasını pozma.) 

 Tanrıdan, 26-cı ilimə bol vicdan arzu edirəm. 

 

                                                                                                                                                                                                           Eşqlərimlə,İstək müəllim! 

Gəncə şəhər 30 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Rəylər
Rəy Bildir