Müəllimlik qürurlu sənətdir.

             Sənətinizi sevin. 

Dünyadakı bütün sənətlərin öz müsbət tərəfi mütləq vardır. Bəs bu sənətlərə olan hörmət necə dəyişir? Başlayaq ən başlıca məsələdən - müəllimliyə olan hörmətdən.    

  1) Azərbaycanda müəllim sənətinə olan hörməti bəyənmirəm. Valideynlərin övladlarına aşıladığı  " Çalış müəllimlikdən daha prestijli sənətin olsun" və ya  "Uzaqbaşı (ən son çarə) müəllim olarsan" və  universitetlərə qəbul imtahanında yüksək bal toplamış birisinə "o cür balla gör hansı qıjı (hər hansı sənətə belə yanaşanı da ilk dəfə eşitmişdim) fakültəni seçmisən" kimi fikirlərlə qarşılaşdığımda bizim insanların hansı havanı aldığına və nə ilə  qidalandığına qarşı məndə sual yaranır. Övladlarınızın müəllim olmağını istəməsəniz də, müəllimlərə qarşı hörməti aşılayın ki, gələcəkdə onlara "get xarici dil öyrən" dediyinizdə həvəslə öyrənməyə cəhd etsinlər.  

   2) Bizim ölkədə müəllimliyə aşağı səviyyəli bir peşə kimi baxırlar, bunun nəticəsidir ki, bugün gələcəyin müəllimlərinin qəbul balları aşağıdır. Mən bu məntiqi anlamıram. Əgər bir insanın sadə biliyi yoxdursa, gələcəkdə hansı "savadlı" kadr yetişdirə biləcək? Əgər ingilis dili fakültəsini seçən bir insan 25 sualın 30-35% ni cavablandırırsa və ingilis dilini sevmirsə, gələcəkdə bu dili necə sevdirəcək?Bu isə bizim gənclərin hələ də doğru seçim etmək kimi qabiliyyətlərinin tam olmadığının və təhsil sahəsində aparılmış yanlış sistemin göstəricisidir. Bu  bir başqa mövzudur, bəlkə bir dəfə bu barədə də fikrimi yazaram. 

   3) Müəllimlik sənəti mənim üçün çətin, amma bir o qədər qürurlu sənətdir. Bunları müəllim(ə) olduğum üçün yazmıram..Sırf belə düşündüyüm üçün indi bu sənətin sahibiyəm. Ola bilər, gəlirimiz azdır (nisbi anlamda), ola bilər, geyimimiz  (tipajımız) sıxıcı gəlir bəzilərinə, amma unutmayın ki, sizlərdən bəzilərinizə etika və estetikanı,  yanlış və doğrunu, bilik və qabiliyyətləri aşılayan insanlardan biri müəllimdir. 

   4) Sosial şəbəkələrdə *Teacher (müəllim)* sözündən utanıb, daha "cool" görünmək xətrinə "Instructor (təlimçi) və ya translator(tərcüməçi)" yazan dost və tanışlara bir sualım var: Diplomunuzda da instructor yazılıb sizin? Siz axı tərcümə fakültəsini də bitirməmisiniz. Olsa-olsa o vəzifədə işləyə bilərsiniz. Vəzifənizi yazırsınızsa, sənətinizi də qeyd etməkdən utanmayın.

   Çalışın sənətinizlə qürur duyun. Düşünün, neçə insana təsir edirsiniz, bəlkə də neçə gəncin həyatındakı dəyişikliyin səbəbisiniz. Neçə insan sizin verdiyiniz biliklərlə digər addımlarını atır və gələcəyə doğru inkişaf edir. Buraxın, nə deyirlər desinlər, siz ki bilirsiniz, neçə-neçə dar düşüncəli insanlara çox şey öyrətmək iqtidarındasınız. 

Sənətinizi sevin.

                                                                                                                  Nilufər Əşrəfli

                                                                                                                 Kaspi Təhsil Şirkətinin ingilis dili müəllimi

Rəylər
  • Quliyeva Həmidə:
    2018-08-15

    Azərbaycanda sizin kimi müəllimin olmasından qürur duydum! Müəllim sənətinə dəyər qatan, onun mahiyyətini anlayan sizin kimi şəxsiyyətlərin varlığıdır. İşlərinizdə müvəfəqiyyətlər arzu edirəm, biliyiniz və aydın zehniniz yolunuza işıq olsun hərzaman!

Rəy Bildir