Məktəbdə keçirilən musiqi, rəsm, əmək təlimi, idman dərsləri mənim oxuduğum illərdə (1995-2006) elə də əhəmiyyətli fənlər sayılmırdı. O zamanlar düşünürdüm ki, görəsən, bu dərsləri fikirləşiblər  ki, biz digər önəmli dərsləri oxumağa əlavə zaman qazanaq? Bu fikri gəlməyimdə musiqi, rəsm dərslərində keçdiyimiz riyaziyyat dərsi böyük rol oynayırdı. Hətta evdə iftixarla deyirdim ki, müəlliməmiz bizə əlavə olaraq riyaziyyat dərsləri keçir. Qiymətləndirmədə hamının nəticəsi əla olurdu bu fənnlərdə. Hələ idman dərslərinə girməmək üçün aldığımız “uyğun deyil” kağızını demirəm. Bəs, bu fənlər bizim təhsil sistemimizdə niyə yer alırdı? 

Riyaziyyat, ana dili, təbiətşünaslıq kimi fənlərdən heç də önəmsiz deyil rəsm, musiqi, idman dərsləri. Bu fənnlər olmadan, digərləri yarımçıqdır. Rəsm dərsi rəssamlıq üçün, musiqi dərsi musiqişünaslıq üçün, idman dərsi idmançılar üçün deyil. Mən xatırlayıram ki, məktəbin 9-11-ci siniflərində oxuyanda (universitetə hazırlıq mərhələsi) uyuşan beynimi açmaq üçün uyğun olan fiziki hərəkəti bilmədiyimdən diqqətim dağılırdı və tənbəllik sindromuna girirdim. Bunu da qaçdığım bədən tərbiyəsi dərslərinə borclu idim. Uzun sözün qısası, bu az əhəmiyyətli görünən fənlərin əslində əvəzolunmaz əhəmiyyətə malik olduğunu düşünməyim  üçün uzun illər gərək oldu.Hansı ki, bu fənlər, xüsusən, ibtidai sinif uşaqları üçün vacibdir.

Rəsm dərsi: kiçik motorikanın inkişafı, zehnin fəallığı, diqqət toplama, səliqəli əl yazısı bacarığı, koordinasiya qazanılması;

Musiqi dərsi: Motivasiya, natiqlik qazanma, səsimizin idarə edilməsi, səs-bədən koordinasiyasının düzgün qurulması;

Bədən tərbiyəsi: böyük motorikanın inkişafı, kollektivlə işləmə bacarığı, hədəf qoyma-hədəfə çatma, özünəinam, fiziki bacarıqlara bələd olma, humanizm.

Çox güman ki, hal-hazırda bütün bu fənnlər yerli yerində keçirilir və uşaqlara fayda verməkdə davam edir. Bu günün gəncliyinin özül daşları məhz uşaqlıq dövrünün mərhələlərində yatır. Gələcəyin cərrahı, kimyagəri, laborantı, həkimi, yazıçısı rəsm dərsində qazanır əl koordinasiyasını. Gələcəyin siyasətçisi, natiqi, lideri, idarəçisi musiqi dərsində öyrənir səs və bədənin ahəngini. Gələcəyin pilotu, polisi, hərbiçisi idman dərsində bələd olur fiziki gücünün əhəmiyyətinə.

Humanist gənclik, humanist gələcək gətirir.  Beyin bədənlə birgə keyfiyyətli nəticə göstərir.

Quliyeva Həmidə

Texnika və Texnologiyalar üzrə

Bakı Dövlət Peşə Təhsil Mərkəzi

14 saylı Bakı Peşə Liseyi

Psixoloq

 

Rəylər
Rəy Bildir