Zülfiyyə Aslanbəyli,

Azərbaycan dili və ədəbiyyatı müəllimi

 

Şagirdlərin mütaliə vərdişlərin artırılması yönündə müxtəlif addımlar atılır. Xüsusilə son dövrlər bununla bağlı daha çox iş görülür. Mütaliə aylıqları, oxu marafonları, kitab müzakirələri və s. reallaşır. Amma buna rəğmən yeni texnologiyaların, sosial şəbəkələrin sürətinə yetişə bilmirik. Daha doğrusu bu vasitələrin ötürdüyü informasiya bolluğu məktəbliləri “boğur”. Sosial şəbəklələrdə keçirilən vaxt, uşaqların belə şəbəkələri daha cəlbedici görməsi isə “kəndir”i əvəzləyir. Bəs biz necə xilaskar ola, kitabı daha cəlbedici hala gətirə bilərik? Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllim kimi mən nə edirəm?

Ədəbiyyat dərsini tədris etməyə başladığım gündən şagirdlərlə birlikdə sinif kitabxanası hazırlayırıq. Kitabxanada yaş qrupuna görə kitabların yer almasına çalışırıq.  Və bu kitabxana əsl kitabxana kimi fəaliyyət göstərir. Yəni kitabxananın  müdiri, onun köməkçisi, qeydiyyat vərəqəsi və s olur. Kim bu vəzifələrdə özünü görürsə namizədliyini irəli sürür və səsvermə keçirilir.  Belə bir addım uşaqların maraqlarını, onların liderlik qabiliyyətlərini və s. də üzə çıxardır. Şagirdlər oxuduqları kitabdan aldıqları təəssüratı mütaliə dəftərlərinə qeyd edirlər. Mütaliə dəftəri həm də bir incəsənət nümunəsi təsiri bağışlamalıdır. Burada oxunmuş əsərin illüstrasiyası, əsərin süjet xətti, ideyası öz əksini tapır. Bu dəftər həm də gələcək üçün bir oxu kataloqunu formalaşdırır, uşaqların oxuduqlarını yaddan çıxarmamağa yardım edir. Eləcə də qeyd dəftəri vasitəsi ilə kitabxana “rəhbər”i və digər  “işçi”lər oxucunun kitabı nə dərəcə mənimsədiyini öyrənir. Və ən əsası bunu ayırd etməsi üçün öncə özlərinin o kitabı oxuması tələb olunur.  Bütün bu addımlar uşaqlara aşağı siniflərdən mütaliə vərdişləri aşılamaq, onlarda məsuliyyət hissini inkişaf etdirmək, verilən tapşırığın öhdəsindən gəlmək, özünüifadə ilə birlikdə müzakirəetmə və paylaşma kimi keyfiyyətlər aşılamaq məqsədi daşıyır. Bu ənənə şagirdi bütün təhsil pilləsində (5-11ci siniflər) müşayiət edir və beləliklə, mütaliə bir vərdişə çevrilir.

Sevinirəm ki, bu üsul və bir çox başqa yollar ədəbiyyat fənnini  şagirdlərimin ən sevimli dərsinə çevirib. Sonrakı yazılarımda istifadə etdiyim müxtəlif üsulları  paylaşmağa çalışacağam.

Əziz kolleqalar, bəs siz dərslərinizin maraqlı olması üçün nə edirsiniz?

Rəylər
  • Dəmirçəlli Firəngiz:
    2018-06-30

    Əhsən sizə.Hazırki vəziyyətdə uşaqların oxu maraqlarının azaldığı bir vaxtda çox səmərəli üsuldur.

Rəy Bildir