Tərlalə Bələgözova,

İbtidai sinif müəllimi

 

Şagirdlərin nəyi bilməsi qədər nəyi necə düşünməsi də önəmlidir. Çünki şagirdin necə düşünməsi, hansı təfəkkür tərzinə malik olması onun gələcəyini, taleyini həll edir. .

Dünya təcrübəsi də göstərir ki, şagirddə üç əsas təfəkkür növü inkişaf etdirilməlidir:

-​ yaradıcı;

-​ məntiqi;

-​ tənqidi təfəkkür.

 

Bu yazımda tənqidi təfükkürün üzərində dayanacam və tənqidi təfəkkürün formalaşması üçün öz təcrübəmi paylaşacam. Çünki gələcəyin vətəndaşı olan bu günün şagirdi bütün həyat hadisələrindən müstəqil baş çıxarmağı, müxtəlif situasiyalarda özünü aparmağı, vəziyyətdən çıxış yolu tapmağı, hadisə və prosesləri düzgün dəyərləndirməyi mütləq bacarması ehtiyacı bu bəndi daha əhəmiyyətli edir.

Tənqidi təfəkkürü formalaşdırmaq və onun inkişafı üçün şagirdə ilk növbədə, intellektual maraq aşılanmalıdır. Bunun üçün isə müxtəlif rakursdan yanaşma, dəyərləndirmə, münasibət bildirmə kimi vacib nüanslar diqqət mərkəzində saxlanmalıdır. Deməli, müxtəlif suallara və problemlərin həllinə cavab axtarmaq, bu zaman “kim?, necə?, niyə?, nə vaxt?, harada? suallarını verməklə hadisələrin səbəb və nəticələrini tədqiq etmək bacarığı formalaşdırmaq olar. Məsələn, mən şagirdlərdə tənqidi təfəkkürün fəallaşması üçün sinif müzakirələrində aşağıdakı strategiyaları rəhbər tutur və bu tapşırıqları verirəm:

 

1.Müxtəlif baxış nöqtələrini qiymətləndir. Bu tapşırığa əsasən şagird eyni obyektə qarşı yönələn iki və ya çox baxış və yanaşma istiqamətini müəyyənləşdirməlidir.

2. Hadisənin əhəmiyyətini, rolunu qiymətləndir. Bu tapşırıqda şagird verilmiş hadisənin, faktın nə dərəcədə əhəmiyyətli olmasını, onun əsas rolunun nədən ibarət olmasını aydınlaşdırmalıdır. Əhəmiyyətsiz faktları, mövzuyla əlaqədar olmayan ünsürləri seçib təsnif etməlidir.

3.Səhvləri tap. Bu tapşırığa əsasən şagird səhv verilimiş, reallığa uyğun olmayan, mövzunun ümumi ahəngdarlığına xələl gətirən məsələləri seçib yazmalıdır.

4.Faktları uydurmadan seçib ayır. Bu tapşırıqda şagird verilmiş tapşırıqdan uydurmaları və reallıqları seçməyi bacarmalı, fakt hesab etdiklərini əsaslandırmalıdır.

5.Mübahisəli məqamları aşkar et. Bu tapşırıqda şagird verilmiş mətndən mübahisəli məsələləri seçərək münasibət bildirir. Özünü mübahisənin hər iki aspektində hiss edir və dəyərləndirir.

6.Meyarları müəyyən et. Şagird bu tapşırıqda real qiymətləndirmə aparmaq üçün meyarlar müəyyənləşdirir.

7.Meyar cədvəlini tərtib et. Bu tapşırıqda şagird müəyyənləşdirdiyi meyarları cədvəl şəklinə salır.

8.Ən mühüm predmetləri və hadisələri müəyyən et, əhəmiyyətini sübut et. Şagird verilmiş mətndən ən mühüm hadisələri müəyyənləşdirir. Onların əhəmiyyətini faktlarla sübut edir.

9.Tənqidi yanaş. Şagird bu tapşırıq əsasında tənqidi yanaşmağı öyrənir. Burada o, öz qərəzsiz münasibətini bildirməlidir.

10.Düzgün olanı seç. Bu tapşırığa əsasən şagird düzgün verilimiş, reallığa uyğun olan məsələləri seçib yazmalıdır.

11.Ən səmərəli yolu tap. Bu tapşırıqda şagird qarşısında hər hansı bir problem qoyulur. Ona tapşırılır ki, bu problemdən çıxış yolu tapsın. Şagird problemdən çıxış yolu tapmaq üçün bir neçə səmərəli yollar təklif edir.

12.Məsləhət ver. Şagird yaranmış problemlə bağlı öz məsləhətlərini verməyi öyrənir. Və yaxud da, şagird yaranmış problemdən özü çıxış yolu axtarmağa cəhd edir. Məsələn, aşağıdakı tipdə iş vərəqi hazırlanaraq şagirdə fərdi qaydada təqdim olunsa, o özünü həmin obrazın yerində hiss edəcək və hadisələrin iştirakçısına çevriləcək. Bu iş vərəqinə əsasən şagird özünü hər iki mövqedə hiss edə bilər. Öz münasibətini bildirdikdə onun yanaşması ortaya çıxacaqdır. Bu mövqe mənim mövqeyim ilə səsləşməyə də bilər. Amma onun səsləndirdiyi fikrə hörmətlə yanaşmalıyıq. Bu tip iş vərəqləri ilə işlədikdə biz hər bir şagirdimizdə müzakirə mədəniyyəti, tolerantlıq, fikirlərə qarşı hörmətlə yanaşmaq, kompromisə getmək, özünü başqasının yerində hiss etmək kimi bacarıqlar formalaşdırmış olacağıq. Ən zəruri bacarıqları uşaqlara aşılayacağımız üçün hafizə məktəbindən təfəkkür məktəbinə keçid prosesinə daha çox töhfə vermiş olacağıq.

 

İş vərəqi

 

Uşaqlar meydançada futbol oynayırdılar. Əli Nazimi itələyərək yıxdıqda Nazim Əlidən soruşub:

 

- Niyə itələyirsən?

- Əcəb eləyirəm!

 

Nazim hirslənib Əlini vurduğu üçün oyun pozulur.

 

Əli və Nazimin hərəkətlərinə münasibətini bildir.

Səhv kimdə idi? Sən olsan nə edərdin?

..................................................................................................................................................................................................................................

Qeyd:

 

Tənqidi təfəkkür növünün əsas komponentləri aşağıdakılardır:

 

Dünyagörüşlülük – çox müxtəlif fikirləri mümkün qədər həqiqi hesab etmək arzusu, qərəzsiz mühakimə etmək.

Çeviklik – kəskin fikirlərini və ya sorğu metodlarını dəyişmək arzusu, rəylərin möhkəmliyindən, doqmatik mövqedən və ciddilikdən qaçmaq; bütün cavabları bilmədiyini etiraf etmək.

İntellektual düzlük – kifayət qədər çox dəlillər olduqda yüksək qiymətləndirilən rəylərlə konflikt yaratmağına baxmayaraq, çaşqınlıq yaradan faktlardan çəkinərək xüsusi mövqeyi dəstəkləmək.

Sistemli (ardıcıl) olmaq – xüsusi nəticəyə uyğun gələn mühakimələr cərgəsinin ardınca getmək; mübahisəli mövzudan kənara çıxan yersiz iradlardan çəkinmək.

Başqalarının fikirlərinə hörmət – başqalarının fikirlərinə diqqətlə qulaq asmaq və deyilənlərə uyğun reaksiya vermək, qəbul olunan ideyanın səhv, qəbul olunmayan ideyanın düz ola biləcəyini ehtimal etmək.

 

Muellimlerotagi.az

Rəylər
  • Aslanbeyli Zülfiyyə:
    2018-01-21

    Bizim cəmiyyət hələ tənqidi təfəkkürlü uşaqlara hazır deyilmiş..Beyinlərdə inqilab etmək gərək tənqidi qəbul etməyə..

Rəy Bildir